FAƏLLAR COP29 - ƏDALƏT MÜHİTİ TƏŞƏBBÜSÜ YARADIBLAR

Bilindiyi kimi, BMT-nin qlobal İqlim Dəyişikliyi Konfransının (COP29 – Tərəflərin Konfransı) 29-cu sesiyası 2024-cü ilin noyabrında Azərbaycanında keçiriləcək. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq qeyd edək ki, təxminən iki həftə sürəcək konfransda on minlərlə xarici qonağın iştirakı gözlənilir. Eləcə də qonaqlar arasında Qərb ölkələri də olmaqla onlarla dünya lideri, yüksək ranqlı siyasətçilər, beynəlxalq təşkilatların rəhbərləri, media və QHT təmsilçilərinin olması mümkündür.

COP29 Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra ölkə ərazisində keçirilən ilk qlobal konfrans və ümilikdə müstəqillik dövründə ev sahibliyi ediləcək ən böyük beynəlxalq tədbir olacaq. Bu baxımdan COP29-un Azərbaycanda keçirlilməsi ətraf mühit məsələləri ilə yanaşı, siyasi və iqtisadi baxımından ölkə üçün böyük əhəmiyyət daşıyır.

Bununla belə, COP29 kimi möhtəşəm bir qlobal tədbirə ev sahibliyi edəcək Azərbaycanda vətəndaş hüquqları və ətraf mühitlə bağlı çoxsaylı problemlər var. Bu problemlər sırasına siyasi motivli həbslər, vətəndaş cəmiyyəti mühitinin daralması, məişət zorakılığı, korrupsiya, ətraf mühitin, xüsusilə də Abşeron yarımadasının neftlə çirklənməsi və su ehtiyatlarının  azalmasına qarşı hökumətin fəaliyyətinin səmərəsizliyi və koronovirus pandemiyası bitdikdən sonra heç bir əsas olmadan quru sərhədlərin vətəndaşlar üçün bağlı saxlanmasını aid etmək olar.

Bütün bunları nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən QHT-lər olaraq Azad İqtisadiyyata Yardım ictimai birliyi, EcoFront, Qadınların Gücləndirilməsi Mərkəzi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və Vətəndaş Hüquqları İnstitutu COP29 tədbirinə həm də ölkədəki vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması imkanı kimi baxır, COP29 - Ədalət Mühiti Təşəbbüsünü təsis edir  və qeyd olunanan məsələlərin həlli üçün imkanlarını birləşdirərək analitik, vəkillik və əməkdaşlıq tədbirlərini həyata keçirməyi qərara alıb.