2017-Cİ İLİN GÖZLƏNİLƏN BÜDCƏ GƏLİRLƏRİ: ƏSAS TENDENSİYALAR VƏ PROBLEMLƏR

Rövşən Ağayev,    İqtisadçı,    07.11.2016

Son 10 ildə yüksək neft qiymətləri və artan xam neft hasilatı hesabına Azərbaycanın sürətlə böyüyən dövlət büdcəsi ilə bağlı hökumətin yeni proqnozları xeyli bədbindir.

Büdcə layihəsilə bağlı Maliyyə Nazirliyinin təqdimatına görə, 2017-ci ildə dövlət büdcəsinin gəlirləri 867 milyon manat və ya 5.2% azalacaq. Gələn il üzrə büdcə gəlirləri təxminən 15.9 milyard manat proqnozlaşdırlır. Bu isə 2011-ci ildən sonra dövlət büdcəsi gəlirlərinin manat ifadəsində ən aşağı göstəricidir.

2011-ci ildə dövlət büdcəsinin gəlirləri 15.7 milyard manat təşkil etmişdi. Lakin, həmin dövrdə dollar ifadəsində büdcə gəlirləri 19.8 milyard dollara bərabər idi. Son iki ildə ölkənin milli valyutasının iki dəfəyədək dəyərdən düşməsi dollar ifadəsində büdcə gəlirlərinin də həcmini kiçildir. Hazırda mövcud olan rəsmi məzənnə ilə (1 USD=1.6 manat) 2017-ci ilin açıqlanan gəlir proqnozu 10 mlrd. dollardan da bir qədər azdır. Bu o deməkdir ki, 2010-cu illə müqayisədə Azərbaycanın dövlət büdcəsinin gəlirləri dollar ifadəsində iki dəfədəyədək azalıb.

Gəlirlərin azalması və  strukturu ilə bağlı baş verən dəyişikliklərin real mənzərəsini açmaq üçün bəzi suallara cavab verməyə ehtiyac var: Gəlirlərin azalması əsasən hansı mənbələrin hesabına baş verir? Əsas azalma büdcənin neft, yoxsa qeyri-neft gəlirləri ilə bağlıdır? Neft sektorunun büdcədəki payında hər hansı  dəyişiklik baş verib? Postneft dövrünün ilk illərində qeyri-neft gəlirləri büdcənin neft sektorundan itkilərini hansı səviyyədə kompensasiya edə bilir?

Cavab: Kiçilmə əsasən neft gəlirlərinin azalması ilə bağlı olacaq. Belə ki, 2016-cı illə müqayisədə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin məbləğinin 1.5 milyard manat və ya 20% ixtisarı planlaşdırılır. Hökumətin neftin qiymətinin uzunmüddətli dövrdə artımı ilə bağlı gözləntiləri azaldığı üçün, dövlət büdcəsini tədricən kiçiltmək, ARDNF-nin aktivlərini mümkün qədər qorumaq hədəflənib. Çünki, ARDNF-nin aktivləri təkcə ölkədə makroiqtisadi sabitliyin deyil, həmçinin siyasi hakimiyyətin dayanıqlığının da başlıca zəmanətidir. Bu baxımdan əvvəlki 10 ildən fərqli olaraq hökumət üçün büdcəni böyütmək deyil, ARDNF-nin ehtiyatlarını qorumaq prioritet büdcə-maliyyə siyasətinə çevrilib.

ARDNF-nin transfertləri azalsa da, neft sektorunun vergi ödəmələri gələn il üçün artımla proqnozlaşdırlır. Belə ki, SOCAR və xarici neft şirkətləri üçün büdcə öhdəliyi 1.755 milyard manat proqnozlaşdırılır. Bu 2016-cı ilin proqnoz göstəricisinə nisbətən 145 milyon manat və ya 9% çoxdur. SOCAR-ın vergi öhdəliyi 40 milyon manat (3.2%) artmaqla 1.280 milyard manata çatacaq. Xarici neft konsorsiumunun vergi ödəmələri üzrə proqnoz isə 105 milyon manat artırılaraq (28.3%) 475 milyon manata çatdırılıb.

Ümumilikdə, 2016-cı ildə neft gəlirlərinin ümumi büdcə mədaxilində payı 54.8%, 2017-ci ildə isə 49.2 səviyyəsində proqnozlaşdırılır. Hökumət ixtisar etdiyi bir milyard manata yaxın neft daxilolmalarını əsasən gömrük ödənişləri hesabına kompensasiya etməyə ümid edir. 2017-ci ildə Dövlət Gömrük Komitəsinin ödəmələri 400 milyon manat və ya 22.2% artımla proqnozlaşdırlır. Gömrük ödənişlərinin məbləği gələn il 2.2 milyard manata çatacaq.  Gömrük ödənişlərinin artımı əsasən vergi yükünün artımı ilə bağlı olacaq. Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli qərarı ilə xeyli sayda ərzaq və qeyri-ərzaq məhsullarının idxalına yüksək rüsümlar tətbiq edilməyə başlanıb.   Halbuki, Vergilər Nazirliyinin xəttilə daxilolmaların həcmi cəmi 200 milyon manat və ya 2.8% artacaq. Son 10 ildə qeyri-neft sektorunda yüzlərlə müəssisənin yaradıldığı bildirilir. Buna  50 milyard dollardan çox sərmayə qoyulması ilə bağlı rəsmi açıqlamalara baxmayaraq, bu sektor iqtisadi böhran dövründə hökumətə büdcə problemlərinin həllində ciddi kömək edə bilmədi.

Neft erasının sonunun başlanğıc ili hesab edilən 2014-cü ildə dövlət büdcəsinin neft gəlirləri 12.1 milyard manat olub ki, bu 2017-ci ilin göstəricisindən 4.2 milyard manat çoxdur. Həmin vaxt isə dövlət büdcəsinin qeyri-neft gəlirləri 6.2 milyard manat olmuşdu, 2017-ci ildə 7.2 milyard manat proqnozlaşdırılır, – yəni bir milyard manat artım gözlənir. Bu o deməkdir ki, dövlət büdcəsinin itiridiyi hər 4 manat neft gəlirinin yalnız bir manatını kompensasiya etmək qeyri-neft sektorunun mövcud potensialı daxilindədir.                

Büdcə gəlirlərinin təhlili göstərir ki, regionların vergi potensialı daha da kiçiləcək. Onsuz da indiyədək dövlət büdcəsinin formalaşmasında Bakının payı 95-96%-dən az olmayıb. İndiyədək əyalətlərin büdcəyə töhfəsi ən yaxşı  halda 4-5% olub. 2017-ci ildə həmin göstərici yenə də 4% təşkil edəcək. Lakin regionların gəlirləri əvvəlki ilə nisbətən 124 milyon manat və ya 16% azalaraq 642 milyon manat təşkil edəcək. Yerli gəlirlərin son dərəcə kiçik olmasını yalnız bu məbləğin ümumi gəlirlərdə payının cüzi olması nümayiş etdirmir. 2017-ci ildə ölkənin 65 rayon və şəhərində dövlət büdcəsinə toplanacaq bütün vergi daxilolmalarının məbləği o qədər kiçikdir ki, bu vəsaitlə dövlət büdcəsinin ən mühüm xərc istiqamətlərindən birini belə maliyyələşdirmək mümkün deyil. Məsələn, əyalətlərin hazırkı vergi potensialı hesabına gələn ilin səhiyyə xərclərinin 83%-ni maliyyələşdirmək olar. Bu gəlirlər ölkənin təhsil sisteminin maliyyələşdirilməsinə yönəldilsəydi, cəmi 34%-i təhsil xərclərini qarşılayardı. Regionların gəlirləri ölkənin sosial müdafiəsinin maliyyələşdirilməsi üçün xərclərin cəmi 30%-ni örtərdi. Nəzərə alaq ki yerli gəlirlər, Bakı istisna olmaqla yerdə qalan bütün rayon mərkəzlərindən (60-a yaxın), kəndlərindən (işğal olunmuş kəndləri saymasaq 3500-ə yaxın kənd yaşayış məntəqəsi) və administrativ baxımdan müstəqil şəhərlərdən (5 şəhər) toplanan vergilər hesabına formalaşır.

Nəhayət, 2017-ci ilin büdcə gəlirləri ilə bağlı başqa bir maraqlı detal: Dövlət Neft Fondunun büdcəyə dəstəyini nəzərə almasaq, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 9.855 milyard manat olacaq.  Çox maraqlı sual yaranır: Bəs görəsən bu məbləğin hansı hissəsi bilavasitə sahibkarların və sadə vətəndaşların gəirlərindən, hansı hissəsi isə iqtisadi subyektlərin istehlak etdiyi məhsul və xidmətlərə görə ödədiyi vergilərdən ödənir? Söhbət birbaşa və dolayı adlanan vergilərdən gedir.
Birbaşa sahibkarların öz ciblərindən ödəyəcəyi vergilər mənfəət (sadələşmiş vergi də bura daxil) və mülkiyyət (əmlak, torpaq), yol və mədən vergiləri, gömrük rüsumlarıdır. 2017-ci ildə büdcə gəlirlənin (Fondun transferləri olmadan) 3.246 milyard manatı (33%-i) bu mənbədən ödənəcək. Bu o deməkdir ki, büdcəyə ödənən hər bir manat verginin 33 qəpiyi sahibkarların qazancı hesabına toplanır.
Vətəndaşların öz qazanclarndan ödədiyi vergi və ödənişlərə əsasən iki növ ödəmə daxildir:

Əməkhaqqı vergisi və bir sıra dövlət xidmətlərinə (təhsil, səhiyyə və s.) görə ödənən haqlar. 2017-ci ildə büdcə gəlirlənin 1.493 milyard manatı (15.1%-i) bu mənbədən ödənəcək. Bu o deməkdir ki, büdcəyə ödənən hər bir manat ödəmənin 15 qəpiyi vətəndaşların qazancı hesabına toplanır. 
Büdcənin vergi və ödənişlərinin yerdə qalan hissəsini insanların məhsul və xidmətlərə görə ödədiyi istehlak vergiləri təşkil edir. Bura ƏDV və aksizlər daxildir. Bu vergiləri sahibkarlar məhsulların (xidmətlərin) qiymətinə əlavə edərək istehlakçılardan alır və büdcəyə köçürürlər. 2017-ci ildə büdcə gəlirlərinin (Fondun transfertləri olmadan) 4 milyard manatı (41.2%-i) həmin mənbədən ödənəcək. Bu o deməkdir ki, büdcəyə ödənən hər bir manat verginin 41 qəpiyi istehlakçıların ödənişləri hesabına toplanır.

Hesablamada bəzi ödənişlər nəzərə alınmayıb. Məsələn, dövlət rüsumunu həm sahibkarlar, həm də vətəndaşlar ödəyir. Ona görə bunu hansısa təsnifata aid etmək mümkün deyil. Amma onların hamısının birlikdə məbləği çox kiçikdir (büdcə gəlirlərinin 1.5%-i) və nəticəyə təsir etmir.

Beləliklə, postneft dövründə büdcə gəlirləri azalır. Lakin hökumət iqtisadiyyatı yüksək büdcə xərclərinə adoptasiya etdirdiyi üçün yaxın illərdə bu prosesin mənfi sosial-iqtisadi nəticələri qaçılmazdır.  Təbii ki, söhbət ilk növbədə büdcə investisiyaları hesabına əldə olunmuş iqtisadi fəallığın məhdudlaşmasından və sosial xərclərin indeksasiya edilməməsi səbəbindən ölkədə sosial gərginliyin artmasından gedir.