DİALOQ PLATFORMASI AHT-DƏ MÜSTƏQİL VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İRADƏSİNİ ƏKS ETDİRMİR
21 sentyabr 2016-cı il tarixdə Açıq Hökumət Tərəfdaşlığında iştirak etməkdə maraqlı olan 29 müstəqil vətəndaş cəmiyyəti təmsilçisi birgə bəyanat imzalayıb. Bəyənatda deyilir:
9 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının (QHT Şurası) təşəbbüsü ilə dövlət qurumları və bir qrup QHT təmsilçilərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradılıb. Məlum olduğu kimi, 1 avqust 2016-cı il tarixində 26 nəfər Vətəndaş Cəmiyyəti təmsilçisi Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı Platformasının yaradılması təşəbbüsü ilə maraqlı tərəflərə müraciət etmişdir. Bununla belə QHT Şurası Dialoq Platformasını yaradarkən bu bəyanatı imzalayanların yalnız 3 nəfərini tədbirə dəvət etmişdir. Beləliklə də:
- Prosesə qatılmaq istədiyini açıq bəyan etmiş və müvafiq qurumlara müraciət etmiş müstəqil Vətəndaş Cəmiyyəti təmsilçiləri Dialoq Platformasının yaradılmasına cəlb edilməyib. Platformaya cəlb edilmiş Vətəndaş Cəmiyyəti təmsilçilərinin hansı meyarlar əsasında seçildiyi məlum deyil, buna görə də hesab edirik ki, hökumət əsasən özünə sərf edən təşkilatlarla işləmək istəyir;
- Yaradılan Dialoq Platformasının fəaliyyət və idarəetmə mexanizmləri bəlli deyil. Qurumun Əsasnamə ilə deyil ümumi xarakterli Reqlament əsasında idarə olunması nəzərdə tutulur.
- Dialoq Platformasının əlaqələndirilməsini həyata keçirən koordinatorın fəaliyyət müddəti, seçki proseduru və səlahiyyətləri məlum deyil.
- Yaradılmış qurumun Memorandumundan belə anlaşılır ki, Dialoq Platforması yalnız hökumətin qəbul etdiyi 2016-2018-ci illər Fəaliyyət Proqramının monitorinqi ilə məhdudlaşacaq, beynəlxalq Açıq Hökumət Tərəfdaşlığının prinsiplərinin, meyarlarının və təşəbbüslərinin ölkədə yayılması məsələlərini tam əhatə etməyəcək.
Bu bəyanatı imzalayan təşikilatlar hesab edir ki, Dialoq Platforması Açıq Hökumət Tərəfdaşlığında müstəqil vətəndaş cəmiyyətinin iradəsini ifadə etmir.
Burda başlıca məqsəd Açıq Hökümət Tərəfdaşlığı təşəbbüsü üzrə tənqidi səslərin boğulması, alternativ fikirlər üçün məkanın daraldılması, hökumət və vətəndaş cəmiyyəti arasında gerçək dialoq imkanlarının məhdudlaşdırılmasıdır. Odur ki, hesab edirik ki, təsis edilən yeni qurum hakimiyyətin fəaliyyətinə obyektiv qiymət verə bilməyəcək, Açıq Hökumətin Təşviqi üzrə Mlli Fəaliyyət Planının icrasına töhfə verməyəcək.
Məlum olduğu kimi, Açıq Hökumət Tərəfdaşlığının Rəhbər Komitəsi 4 may 2016-cı ildə Azərbaycanın təşəbbüsdə statusunu azaldaraq qeyri-fəal edib. Bu qərara səbəb 2014-cü ildən başlayaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin fəaliyyəti üçün mövcud məkanın daraldılması, birləşmə azadlığının məhdudlaşdırılması, müstəqil QHT-lərə qarşı təzyiqlər, təqiblər olmuşdur. Eyni zamanda “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın AHT-nin meyarlarına cavab verməməsi və sənədin qəbul edilməsi zamanı vətəndaş cəmiyyətinin iştirakçılığının təmin olunmaması Azərbaycanın statusunun azaldılmasında mühüm rol oynamışdır. Çox təəssüf ki, Azərbaycan hökumət bu qərardan heç bir dərs çıxarmamış, müstəqil QHT-lərin çoxunun Açıq Hökumət Tərəfdaşlığından və ictimai iştirakçılıqdan kənarda qoyulması siyasətini davam etdirmişdir.
Bu bəyanatı imzalayan təşkilatlar bəyan edir ki, Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı proseslərdə iştirakda maraqlı və israrlıdırlar, həmçinin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın yenilənməsi, onun icrasına ictimai nəzarəti və vətəndaş iştirakçılığını təmin etmək, Açıq Hökumət Tərəfdaşlığının prinsip və meyarlarının yayılması üçün fəaliyyətlərini davam etdirəcəklər. Eyni zamanda bəyanatı imzalayan təşkilatlar bu fəaliyyətləri koordinasiya etmək və müstəqil Vətəndaş Cəmiyyəti qurumlarının səylərini birləşdirəcək müvafiq koalisiyanın (və ya şəbəkənin) formalaşdırılması üçün müzakirələrə başlayacaqlar.
- Asabali Müstafayev, Demokratiya və insan hüquqları resurs mərkəzi
- Aynur İmranova, Media və Demokratiyanın İnkişafına Dəstək İctimai Birliyi
- Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutu
- Anar Məmmədli, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
- Azər Mehtiyev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
- Azər Rəsulov, Mülki Cəmiyyət üçün Hüquq Təşəbbüsü Mərkəzi
- Bəkir Məmmədov, İqtisadi və Sosial Təşəbbüslər İnstitutu
- Bəşir Süleymanlı, Vətəndaş Hüquqları İnstitutu
- Ələsgər Məmmədli, Yayımların Monitorinq Mərkəzi İctimai Birliyi
- Əlövsət Sadıqlı, Təhsil Tədqiqatları Mərkəzi İctimai Birliyi
- Əvəz Zeynallı, “Xural” qəzeti
- İlham Hüseynli, Demokrastik İnkişaf və İctimai Əməkdaşlıq İctimai Birliyi
- Xalid Ağaliyev, Media Hüququ İnstitutu
- Xalid Bağırov, hüquq müdafiəçisi
- Qalib Toğrul, İqtisadi Tədqiqatlar Mərkəzi
- Qubad İbadoğlu, İctimai Təşəbbüslər Mərkəzi
- Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi
- Mehman Əliyev, Turan İnformasiya Agentliyi
- Məlahət Mürşüdlü, Azad Müəllimlər Birliyi
- Nəsimi Məmmədli, Yayımların Monitorinq Mərkəzi İctimai Birliyi
- Oqtay Gülalıyev, Demokratik İslahatlar Uğrunda İctimai Birliyi
- Rəsul Cəfərov, İnsan Hüquqları Klubu
- Rövşən Ağayev, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi
- Rövşən Hacıbəyli, Demokratik Jurnalistika Məktəbi
- Samir Əliyev, Media və Sosial Təşəbbüslər Mərkəzi
- Samir Kazımlı, hüquq müdafiəçisi
- Vahid Məhərrəmov, Aqrar İslahatlara Dəstək İctimai Birliyi
- Zöhrab İsmayıl, Azad İqtisadiyyata Yardım İctimai Birliyi
- Ziya Quliyev, Hüquq Təşəbbüsləri Mərkəzi.